BAKI,TurkicWorld,Yusif Şərifzadə
“Amnesty International” İsraili işğal altındakı İordan çayının qərb sahilində ilhaq siyasətini genişləndirməkdə ittiham edib. Təşkilatın məlumatına görə, İsrail hakimiyyəti ilk dəfə Fələstin Administrasiyasının nəzarətində olan “A” bölgəsində təhlükəsizlik deyil, mülki məqsədlərlə torpaqların müsadirə edilməsinə dair qərarlar verib.
TurkicWorld xəbər verir ki, “Amnesty International”ın cümə axşamı yayımladığı hesabatda İsrail ordusunun iyul ayında Cenin vilayətində ən azı 15 torpaq müsadirəsi qərarı imzaladığı bildirilib. Qərarlar “A” və “C” bölgələrində ümumilikdə təxminən 200 dönüm, yəni 20 hektar ərazini əhatə edir.
Təşkilatın məlumatına görə, torpaqların müsadirəsində məqsəd salınması planlaşdırılan və beynəlxalq hüquqa zidd hesab edilən Emek Dotan və Noa yaşayış məntəqələrini bir-biri ilə əlaqələndirməkdir.
“Amnesty International”ın Yaxın Şərq və Şimali Afrika üzrə bölgə direktoru Hiba Morayef bildirib ki, “A” bölgəsindəki son müsadirə qərarları İsrailin ilhaq siyasətini Oslo razılaşmalarından bəri Fələstin hakimiyyətinin nəzarətində olan ərazilərə doğru genişləndirdiyini göstərir.
Təşkilat Cenin qubernatorluğunun məlumatlarına istinadən bildirib ki, müsadirə edilməsi nəzərdə tutulan torpaqların böyük hissəsi şəxsi mülkiyyətdədir. Qərarların həyata keçirilməsi Ceninin digər Fələstin bölgələri ilə əlaqəsinin zəifləməsinə səbəb ola bilər.
Hesabatda, həmçinin yüzlərlə ailənin zeytun yığımı mövsümü ərəfəsində kənd təsərrüfatı torpaqlarına çıxış imkanını itirə biləcəyi vurğulanıb.
“Amnesty International” dünya dövlətlərini bu cür pozuntulara töhfə verən əməkdaşlıq və fəaliyyətləri dayandırmağa çağırıb.







