BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı “Sarı xətt” adlandırılan mövqedən İsrail qüvvələrinin geri çəkilməyəcəyini bildirib. O, bu açıqlamanı Qəzzada yerləşən hərbi məntəqələrdən birinə səfəri zamanı verib.
TurkicWorld xəbər verir ki, İsrailin “Ynet” nəşrinin məlumatına görə, Netanyahu İsrail qüvvələrinin sözügedən əraziyə nəzarət etdiyini və hazırkı mövqelərində qalacağını bildirib. “Biz əraziyə nəzarət edirik və bu xəttdə qalırıq”, – deyə İsrailin Baş naziri vurğulayıb.
“Sarı xətt” 2025-ci ilin oktyabrında qüvvəyə minən Qəzza atəşkəsininin birinci mərhələsi çərçivəsində İsrail ordusunun geri çəkildiyi sərhədləndirmə xəttidir.
İsrail ordusunun xəritələrinə əsasən, həmin xətt Qəzzanın İsraillə şərq sərhədindən zolağın daxilinə doğru təxminən 1,5 kilometrdən 6,5 kilometrədək uzanır.
Məlumata görə, “Sarı xətt”in əhatə etdiyi ərazi Qəzza zolağının təxminən 58 faizini təşkil edir. Bu isə İsrail qüvvələrinin Qəzzanın yarıdan çox hissəsində mövqelərini saxlaması deməkdir.
Netanyahunun açıqlaması Qəzzada atəşkəs razılaşmasının sonrakı mərhələləri və İsrail qüvvələrinin gələcək mövqeləri ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.







