Son dəqiqə

İran Tehran qiymət artımı İran iqtisadiyyatı Qasım Nüdeh Fərəhani Rial

Ölkədə mal qıtlığı yoxdur, əsas problem yüksək qiymətlərdir - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Həmkarlar Palatasının rəhbəri Qasım Nüdeh Fərəhani ABŞ-nin dəniz mühasirəsinə baxmayaraq, ölkədə mal qıtlığının olmadığını bildirib. Onun sözlərinə görə, hazırda əsas problem istehlak məhsullarının qiymətlərinin yüksəlməsidir.

TurkicWorld xəbər verir ki, Qasım Nüdeh Fərəhani qiymət artımının müəyyən hissəsinin daşınma və təchizat problemlərindən qaynaqlandığını bildirib. O qeyd edib ki, mövcud şəraitdə yüklərin daşınma istiqamətlərinin dəyişdirilməsi əlavə xərc və vaxt itkisinə səbəb olur.

Fərəhaninin sözlərinə görə, malların dəmir yolu və avtomobil yolları ilə daşınması əvvəl istifadə edilən istiqamətlərlə müqayisədə daha uzun vaxt aparır və daha baha başa gəlir. Bu vəziyyət məhsulların son satış qiymətinə də təsir göstərir.

İran iqtisadiyyatı müharibə şəraitində əlavə təzyiqlərlə üzləşib. Ölkə iqtisadiyyatı bundan əvvəl də uzun illər davam edən sanksiyaların təsiri altında ciddi çətinliklərlə qarşılaşırdı.

Vaşinqtonun bazar ertəsi açıqladığı yeni sanksiyalardan sonra İranın milli pul vahidi rial ABŞ dolları qarşısında ən aşağı səviyyəyə düşüb. Məlumata görə, bir ABŞ dollarının dəyəri iki milyon riala çatıb.

Milli pul vahidinin ucuzlaşması, daşınma xərclərinin artması və ticarət yollarının dəyişməsi İranda qiymətlərin yüksəlməsinə təzyiqi daha da artırır.

Mövzuya görə xəbərlər