BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal altındakı İordan çayının qərb sahilində yerləşən Qələndiya qaçqın düşərgəsində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin təlim mərkəzinin ələ keçirilməsi ilə bağlı paylaşım edib.
TurkicWorld xəbər verir ki, İtamar Ben-Qvir sosial şəbəkə hesabında Qələndiya qaçqın düşərgəsində yerləşən təlim mərkəzinin şəklini paylaşaraq “BMT-nin fələstinli qaçqınlara yardım agentliyi bizim əlimizdədir” ifadəsini işlədib.
İsrail qüvvələri çərşənbə axşamı Qələndiya qaçqın düşərgəsində yerləşən təlim mərkəzinə basqın edib.
İtamar Ben-Qvir də İsrail qüvvələrinin mərkəzə daxil olması zamanı ərazidə olub və hərbçiləri müşayiət edib.
Sözügedən mərkəz fələstinli qaçqınlara peşə hazırlığı və digər xidmətlərin göstərilməsi məqsədilə fəaliyyət göstərir.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi daha əvvəl İsrail qüvvələrinin Qələndiya Təlim Mərkəzinə basqınını qəti şəkildə pisləyib.
Agentlik mərkəzin Birləşmiş Millətlər Təşkilatına məxsus obyekt olduğunu və beynəlxalq hüquqla nəzərdə tutulan toxunulmazlıqlardan yararlandığını bildirib.
İsrail qüvvələrinin mərkəzə daxil olması və Ben-Qvirin son açıqlaması fələstinli qaçqınlara xidmət göstərən BMT obyektlərinin gələcək fəaliyyəti ilə bağlı narahatlıqları artırıb.






