BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fələstin Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlara xidmət göstərən Qələndiya Mərkəzinə basqın etməsini və əməkdaşları məcburi şəkildə oradan çıxarmasını pisləyib.
TurkicWorld xəbər verir ki, nazirlik yaydığı bəyanatda mərkəzin İsrail qüvvələri tərəfindən ələ keçirilməsini beynəlxalq hüququn, eləcə də Birləşmiş Millətlər Təşkilatının obyektlərinə verilən toxunulmazlıq və imtiyazların açıq şəkildə pozulması adlandırıb.
Fələstin tərəfi baş verənləri “təhlükəli gərginləşmə” kimi qiymətləndirib.
Nazirliyin bəyanatında bildirilib ki, bu addım Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin qaçqınları qorumaq və onlara xidmət göstərmək fəaliyyətini hədəfə alır.
Fələstin Xarici İşlər Nazirliyi hesab edir ki, basqın beynəlxalq ictimaiyyət tərəfindən fələstinli qaçqınlara yardım, təhsil, səhiyyə və müdafiə xidmətlərinin göstərilməsi üçün yaradılmış mexanizmləri sıradan çıxarmaq cəhdidir.
Bəyanatda İsrailin işğalçı tərəf kimi şəhər üzərində suverenliyə malik olmadığı vurğulanıb. Nazirlik bildirib ki, Birləşmiş Millətlər Təşkilatına məxsus obyektlərin zorla ələ keçirilməsi İsrail üçün hər hansı hüquqi əsas yarada və şəhərin mövcud hüquqi vəziyyətini dəyişdirə bilməz.
Fələstin tərəfi beynəlxalq ictimaiyyəti Qələndiya Mərkəzinin və fələstinli qaçqınlara xidmət göstərən digər BMT obyektlərinin qorunması üçün dərhal təsirli tədbirlər görməyə çağırıb.
Nazirlik, həmçinin mərkəzin əməkdaşlarının geri qaytarılmasının təmin edilməsini və İsrailin bu addımı daimi vəziyyətə çevirməsinin qarşısının alınmasını tələb edib.






