Son dəqiqə

Fələstin İsrail Zeytun ağacları İordan çayının qərb sahili Ramallah Ümm əs-Səfa torpaqların müsadirəsi

Ramallah yaxınlığındakı fələstin kəndinin torpaqlarının 98 faizi müsadirə edilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailli məskunlaşanların Ramallahın qərbində yerləşən Ümm əs-Səfa kəndinin torpaqlarının demək olar ki, hamısını ələ keçirdiyi bildirilir. Kənd ərazisinə buldozer gətirilib və məskunlaşma məntəqələrini birləşdirəcək yolun çəkilməsi məqsədilə fələstinlilərə məxsus torpaqların hamarlanmasına başlanılıb.

TurkicWorld xəbər verir ki, hadisə yerindən verilən məlumata görə, israilli məskunlaşanlar motosiklet və avtomobillərlə Ümm əs-Səfa kəndinin ərazisinə daxil olublar. Onların son dövrdə salınmış məntəqə də daxil olmaqla, bir neçə məskunlaşma məntəqəsini birləşdirəcək yol çəkməyə hazırlaşdıqları bildirilir.

Məlumata əsasən, ümumi sahəsi 4 min 800 dönüm olan kənd torpaqlarının 4 min 700 dönümdən çoxu müsadirə edilib. Əhalisinin sayı min nəfərdən az olan kəndin torpaqlarının beləliklə, təxminən 98 faizi nəzarətdən çıxıb.

Məskunlaşanların yerli sakinlərin əsas dolanışıq mənbələrindən olan zeytun ağaclarını da kökündən çıxardıqları bildirilir. Bu vəziyyət kənd sakinlərinin əkinçilik imkanlarını və gəlir mənbələrini ciddi şəkildə məhdudlaşdırır.

Ümm əs-Səfa Kənd Şurasının rəhbəri Mərvan Sabah bildirib ki, sakinlərin kənd qəbiristanlığına daxil olmasına belə icazə verilmir. Onun sözlərinə görə, ölüm hadisəsi baş verdikdə belə qəbiristanlığa çatmaq mümkün olmadığından sakinlərə vəfat edən yaxınlarını evlərinin ərazisində dəfn etmək tövsiyə olunub.

Bildirilib ki, məskunlaşanlar yeni məntəqənin yaradılması üçün əraziyə dəmir qurğular gətirib, torpaqları təmizləyib və ilkin infrastruktur hazırlamağa başlayıblar. Növbəti mərhələdə əraziyə daşınan yaşayış tikililərinin gətirilməsi və evlərin inşa edilməsi nəzərdə tutulur.

Məlumata görə, təkcə son bir neçə ay ərzində Ümm əs-Səfa kəndinin torpaqlarında altı məskunlaşma məntəqəsi yaradılıb. Bu proses kənd sakinlərinin istifadəsində qalan torpaq sahələrinin daha da azalmasına səbəb olur.

Mövzuya görə xəbərlər