Son dəqiqə

İran ABŞ İraq Məhəmməd Baqir Qalibaf Bağdad

ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bölgədə yeni siyasi nizamın formalaşdığını və xarici qüvvələrin Yaxın Şərq ölkələri üzərində təsirinin sürətlə zəiflədiyini bildirib. O, ABŞ-nin artıq bölgədən “şərəfli çıxış” yolu axtardığını iddia edib.

TurkicWorld xəbər verir ki, Qalibaf sosial şəbəkədə yaydığı açıqlamada Əbu Mehdi əl-Mühəndis və Qasım Süleymaninin adlarını çəkərək bölgədə baş verən dəyişiklikləri onların mübarizəsinin nəticəsi kimi qiymətləndirib. İran parlamentinin sədri bu fikirlərini “yeni regional nizam” anlayışı ilə əlaqələndirib.

Əbu Mehdi əl-Mühəndis İraqın Xalq Səfərbərlik Qüvvələrinin yüksək vəzifəli komandirlərindən biri olub. Qasım Süleymani isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə rəhbərlik edib.

Əl-Mühəndis və Süleymani 2020-ci ilin yanvarında Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında ABŞ-nin pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində öldürülüblər.

Qalibafın sözlərinə görə, formalaşmaqda olan yeni regional nizamda xarici qüvvələrin ölkələrarası münasibətlərə müdaxiləsi sürətlə azalır. O, bu prosesin bölgə dövlətlərinin münasibətlərini xarici təsirlərdən daha müstəqil şəkildə qurmasına imkan verdiyini iddia edib.

İran parlamentinin sədri ABŞ-nin Yaxın Şərqdəki mövqeyinin zəiflədiyini və Vaşinqtonun bölgədən çıxmaq üçün yol axtardığını bildirib. Qalibaf İsrailin regional siyasətini də tənqid edərək onun “çaydan dənizə qədər” adlandırdığı layihəsinin həyata keçirilməsinin mümkün olmadığını iddia edib.

Mövzuya görə xəbərlər