BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla hazırda heç bir danışığın aparılmadığını və tərəflər arasında yeni danışıqların da planlaşdırılmadığını bildirib. O, bununla yanaşı, ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsinin tam qüvvədə qaldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. ABŞ prezidenti Hörmüz boğazının açıq və fəaliyyət göstərdiyini, su yoluna yerləşdirilmiş minaların isə çıxarıldığını və ya partladılaraq zərərsizləşdirildiyini iddia edib.
Trampın son açıqlaması onun bir gün əvvəl səsləndirdiyi fikirlərlə ziddiyyət təşkil edir. ABŞ prezidenti daha əvvəl Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri ilə gizli əlaqə vasitəsilə birbaşa danışdığını bildirmişdi.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Trampın bu iddiasını rədd edib. Qurumun sözçüsü Hüseyn Möhibbi ABŞ nümayəndələri ilə heç bir danışığın aparılmadığını bildirib və Trampın açıqlamalarını həqiqətə uyğun olmayan iddia kimi qiymətləndirib.
Trampın Hörmüz boğazının açıq olduğu barədə açıqlaması da Tehran tərəfindən səsləndirilən mövqedən fərqlənir. İranın yüksək səviyyəli nümayəndələri boğazın tam açılması üçün ABŞ-nin iyunda əldə edilmiş müvəqqəti razılaşmada nəzərdə tutulan şərtləri yerinə yetirməli olduğunu bildirirlər.
Vaşinqtonla Tehran arasında diplomatik təmasların gələcəyi qeyri-müəyyən olaraq qalır. Trampın son bəyanatına əsasən, hazırda nə birbaşa danışıqlar gedir, nə də yeni görüşün keçirilməsi nəzərdə tutulur.







