BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağından Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilən tibbi təxliyədə iştirak etdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Fələstinin “Vəfa” xəbər agentliyinin məlumatına görə, təxliyə çərçivəsində ümumilikdə 71 nəfər Qəzza zolağından çıxarılıb. Onlardan 32-si xəstə, 39-u isə xəstələri müşayiət edən şəxslər olub.
Təxliyə Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Məqsəd Qəzzada müalicəsi mümkün olmayan və ixtisaslaşmış tibbi yardıma ehtiyac duyan xəstələrin bölgədən kənardakı tibb müəssisələrinə çatdırılmasıdır.
Fələstin Qızıl Aypara Cəmiyyəti son aylarda Rəfah keçidi vasitəsilə keçirilən bu cür tibbi təxliyələrdə mütəmadi iştirak edir. “Vəfa”nın əvvəlki məlumatlarında da təxliyə olunan xəstələrin və onları müşayiət edən şəxslərin daşınması, ilkin tibbi yardımla təmin edilməsi və keçid məntəqəsinə çatdırılmasında cəmiyyətin əməkdaşlarının iştirak etdiyi bildirilir.
Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində səhiyyə sistemi ağır vəziyyətə düşüb. Tibb müəssisələrinin imkanlarının məhdudlaşması səbəbindən ixtisaslaşmış müalicəyə ehtiyacı olan xəstələrin Qəzzadan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.







