BAKI,TurkicWorld,Yusif Şərifzadə
Məlumatların idarə edilməsi və süni intellekt sahəsində fəaliyyət göstərən “Databricks” şirkəti 5 milyard dollar yeni sərmayə cəlb etdiyini açıqlayıb. Yeni maliyyələşdirmədən sonra şirkətin bazar dəyəri 190 milyard dollar səviyyəsində qiymətləndirilib. Bu göstərici cəmi altı ay əvvəl təxminən 134 milyard dollar idi.
TurkicWorld xəbər verir ki, “Databricks” cəlb etdiyi vəsaiti müəssisələrə süni intellekt tətbiqlərini yaratmağa və idarə etməyə imkan verən məhsulların inkişafına yönəltməyi planlaşdırır. Son sərmayə cəlbi süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə sərmayədar marağının yüksək olaraq qaldığını göstərir.
Yeni maliyyələşdirmədə şirkətin mövcud sərmayədarları “Coatue”, “Blackstone”, “MGX” və “T. Rowe Price” tərəfindən idarə olunan hesablar iştirak edib. “Sixth Street Growth” isə “Databricks”ə yeni sərmayədar kimi qoşulub.
“Databricks” illik hesablamada gəlirlərinin 7 milyard dolları ötdüyünü də açıqlayıb. Şirkətin gəlirləri ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Son 12 ay ərzində şirkətin düzəliş edilmiş göstəricilər əsasında pul axınının müsbət olduğu bildirilib.
2013-cü ildə yaradılan “Databricks” şirkətlərə məlumatları saxlamaq, idarə etmək və təhlil etmək, həmçinin süni intellekt tətbiqləri hazırlamaq üçün proqram təminatı təqdim edir. San-Fransiskoda yerləşən şirkət bu sahədə “Snowflake” ilə rəqabət aparır və gələcəkdə səhmlərini açıq bazarda satışa çıxara biləcək şirkətlərdən biri hesab olunur.
Şirkət yeni vəsaitin bir hissəsini “Lakebase” məlumat bazasının, “Genie” süni intellekt köməkçisinin və “Unity AI Gateway” süni intellekt idarəetmə sisteminin inkişafına sərf edəcək. “Genie” istifadəçilərə təbii dildə məlumatlarla bağlı suallar verməyə imkan verir, “Unity AI Gateway” isə süni intellekt sistemlərinin istifadəsinin mərkəzləşdirilmiş şəkildə idarə və nəzarət edilməsinə xidmət edir.
“Lakebase” məhsulunun illik hesablamada gəliri 100 milyon dolları ötüb. Şirkətin məlumatların saxlanması və təhlilini birləşdirən “Lakehouse” istiqamətində isə bu göstərici 1,5 milyard dolları keçib.







