BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ İsrail və Livan arasında növbəti danışıqlar raundunun sentyabrın əvvəlində İtaliyanın paytaxtı Romada keçirilməsinə sponsorluq edəcək.
TurkicWorld xəbər verir ki, AFP agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, İsrail və Livan arasında siyasi dialoq sentyabrın əvvəlində Romada yenidən başlayacaq.
ABŞ rəsmisi qeyd edib ki, bu müddət ərzində danışıqlar Beyrut, Qüds və Vaşinqtonda davam etdiriləcək. O, prosesin gedişatından razı olduqlarını bildirib.
İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə keçirilən yeddinci danışıqlar raundu ötən həftə Romada baş tutub.
Görüşlərin əsas məqsədi Livanın cənubunda İsrail qüvvələrinin mərhələli şəkildə çıxarılacağı və Livan ordusunun nəzarəti üzərinə götürəcəyi yeni "pilot zonaların" yaradılması olub.
ABŞ tərəfi bildirib ki, siyasi prosesin davam etdirilməsi tərəflər arasında gərginliyin azaldılması və uzunmüddətli razılaşmanın əldə olunması üçün vacibdir.
İsrail və Livan arasında danışıqlar əsasən sərhəd təhlükəsizliyi, hərbi mövcudluq və Livanın cənubundakı vəziyyət ətrafında aparılır.







