BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin vitse-prezidenti Rəşid əl-Məhənədi bildirib ki, ABŞ və İran arasında sərt bəyanatlara baxmayaraq, Hörmüz boğazı böhranının həlli ilə bağlı müzakirələr irəliləyir.
TurkicWorld xəbər verir ki, Rəşid əl-Məhənədi Əl-Cəzirəyə açıqlamasında Vaşinqton və Tehran arasında aparılan danışıqlar fonunda tərəflərin öz mövqelərini gücləndirməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı mümkün razılaşmanın necə olacağı hələ də mübahisəli məsələ olaraq qalır.
Ekspert qeyd edib ki, İran strateji su yoluna nəzarət məsələsinə təhlükəsizlik narahatlıqları prizmasından yanaşır və bunu danışıqlarda "vasitə" kimi istifadə edir.
Lakin əl-Məhənədi İranın bu təsir imkanlarını "dəyəri azalan aktiv" kimi qiymətləndirib.
Onun fikrincə, gəmiçiliyin sərbəstliyinə maneələrin yaradılması beynəlxalq səviyyədə geniş şəkildə qəbul edilmir.
Bununla yanaşı, ekspert bildirib ki, bütün tərəflərin razılaşa biləcəyi regional mexanizm vasitəsilə Hörmüz boğazının idarə olunmasına müəyyən maraq mövcuddur.







