BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Yaxın Şərqin uzun müddət nə müharibə, nə də sülh vəziyyətində qala bilməyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Ənvər Qarqaş sosial şəbəkədəki paylaşımında bölgənin sabitliyi və xalqların gələcəyinin aydın baxış və istiqamət tələb etdiyini qeyd edib.
Qarqaş bildirib ki, qarşıdakı mərhələ zəif təməllər və beynəlxalq hüquqdan uzaq razılaşmalar üzərində qurula bilməz.
Onun sözlərinə görə, əsas məqsəd aydın və hamı tərəfindən qəbul edilən qaydalar əsasında davamlı sabitliyə keçidi təmin etməkdir.
BƏƏ rəsmisi istənilən uzunmüddətli razılaşmanın əsas dayaqları kimi dinc yanaşı yaşama, dövlətlərin suverenliyinə hörmət və sülh məntiqini vurğulayıb.
Qarqaşın açıqlaması ABŞ və İran arasında davam edən gərginlik, eləcə də diplomatik səylərin nəticəsiz qalması fonunda səslənib.
O bildirib ki, bölgədə sabitliyin təmin olunması üçün qarşıdurma deyil, aydın qaydalara əsaslanan yeni yanaşma tələb olunur.
Hazırda ABŞ və İran arasında anlaşma memorandumuna qayıtmaq istiqamətində aparılan diplomatik cəhdlərin nəticə vermədiyi və tərəflərin yenidən qarşıdurma ehtimalı barədə xəbərdarlıq etdiyi bildirilir.







