BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman hökuməti Hörmüz boğazından keçən gəmilərə qarşı təkrarlanan hücumları pisləyərək bu cür hərəkətlərin beynəlxalq hüququ və ərazi sularının suverenliyini pozduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Oman Xarici İşlər Nazirliyi ölkənin rəsmi xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda Hörmüz boğazında gəmilərin hədəfə alınmasının qəbuledilməz olduğunu vurğulayıb.
Nazirlik bu cür hücumları beynəlxalq hüququn pozulması və dövlətlərin ərazi suları üzərində suverenliyinə qarşı addım kimi qiymətləndirib.
Oman Xarici İşlər Nazirliyi, həmçinin Hörmüz boğazında dəniz nəqliyyatının təşkili ilə bağlı aparılan danışıqlara toxunub.
Bəyanatda boğazda gəmilərin hərəkət qaydalarının müəyyənləşdirilməsi ilə bağlı danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilib.
Maskat bütün tərəfləri danışıqların uğurla nəticələnməsinə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb.
Oman hökuməti mövcud danışıqların nəticə verməsi üçün bölgədə gərginliyi artıra biləcək hərəkətlərdən uzaq durmağın vacibliyini vurğulayıb.







