BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif ərazilərində növbəti basqınlar həyata keçirib.
TurkicWorld xəbər verir ki, İsrail qüvvələri Cenin şəhərinin cənubunda yerləşən Qəbatiyə qəsəbəsinə daxil olaraq əməliyyat keçirib.
Fələstinin "Vəfa" xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Ramallahın şimalındakı Sincil qəsəbəsində fələstinlilərə məxsus torpaqların hamarlanmasını da davam etdirir. Bildirilir ki, bu işlər ərazidə bir müddət əvvəl salınmış İsrail yaşayış məntəqəsinin genişləndirilməsi məqsədilə aparılır.
Məlumata əsasən, İsrail buldozerləri bir neçə gündür Qaraba ərazisində fəaliyyət göstərir. Sözügedən yaşayış məntəqəsi bir neçə ay əvvəl fələstinlilərə məxsus təxminən bir hektar torpaq sahəsində salınıb.
"Vəfa"nın məlumatında qeyd olunur ki, həmin ərazi sonradan israilli məskunlaşanların fələstinlilərə qarşı hücumları üçün dayaq məntəqəsinə çevrilib.
Bildirilib ki, ərazidə fələstinlilərə hücumlar həyata keçirilib, onların mal-qarasının aparılmasına cəhd göstərilib və əkin sahələrinə ziyan vurulub. Eyni zamanda, fələstinlilərin öz torpaq sahələrinə daxil olmasına maneələr yaradıldığı qeyd edilir.





