BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman Hörmüz boğazında gəmiçiliyin maneəsiz davam etdirilməsinin vacibliyini vurğulayaraq bu strateji su yolunun bütün gəmilər üçün açıq saxlanılmasına çağırıb. Bəyanat Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd Əlbusaidinin Filippinin paytaxtı Manilada keçirilən tədbirdə çıxışı zamanı səsləndirilib.
TurkicWorld xəbər verir ki, Seyid Bədr bin Həməd Əlbusaidi Cənub-Şərqi Asiya Ölkələri Birliyinin Dostluq və Əməkdaşlıq Müqaviləsinin 50 illiyinə həsr olunmuş nazirlər toplantısında bildirib ki, Hörmüz boğazı da daxil olmaqla bütün mühüm beynəlxalq dəniz yolları naviqasiya və beynəlxalq ticarət üçün açıq qalmalıdır. Onun sözlərinə görə, gəmiçiliyin azadlığını və beynəlxalq ticarət axınını məhdudlaşdıra biləcək hər hansı addımdan çəkinmək lazımdır.
Nazir qeyd edib ki, təhlükəsiz və açıq dəniz yollarının qorunması sahilyanı dövlətlərin və dəniz marşrutlarından istifadə edən bütün tərəflərin məsuliyyətli əməkdaşlığını tələb edir. O, Malakka və Sinqapur boğazlarında tətbiq olunan əməkdaşlıq modelini qarşılıqlı etimadı gücləndirən və ortaq məsuliyyəti artıran uğurlu nümunə kimi qiymətləndirib.
Seyid Bədr bin Həməd Əlbusaidi vurğulayıb ki, Oman bütün mübahisələrin diplomatik yollarla həllini dəstəkləməyə davam edəcək və mümkün olan bütün hallarda dialoqun təşviqinə töhfə verməyə hazırdır.
Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Oman Hörmüz boğazının girişində strateji mövqeyə malikdir. Ölkə uzun illərdir Körfəz ərəb dövlətləri ilə İran arasında diplomatik əlaqələri qoruyaraq regional mübahisələrdə vasitəçi rolunu oynayır.







