Bakı,TurkicWorld
İtaliyanın xarici işlər naziri Antonio Tajaninin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıya gəlişi baş tutub.
Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
İki gün davam edəcək səfər zamanı A.Tajaninin Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.
Tərəflər arasında keçiriləcək danışıqlarda Azərbaycan-İtaliya siyasi münasibətlərinin inkişafı, Cənubi Qafqazda sülhün və iqtisadi tərəqqinin perspektivləri, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, həmçinin aktual beynəlxalq məsələlər diqqət mərkəzində olacaq.
Səfər proqramında iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Belə ki, İtaliyanın xarici işlər naziri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ikitərəfli görüş keçirəcək. Bundan əlavə, nazirlər Azərbaycan-İtaliya Biznes Forumuna qatılacaqlar.
Tədbirdə hər iki ölkəni təmsil edən 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı nəzərdə tutulur. Forumun əsas hədəfi İtaliya şirkətlərinin Azərbaycanda reallaşdırılan böyük infrastruktur layihələrində iştirak imkanlarını artırmaqdır.
İtaliya XİN-in açıqlamasında enerji sahəsində tərəfdaşlığın ikitərəfli əlaqələrin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan İtaliyanın neft üzrə ikinci, təbii qaz üzrə isə üçüncü ən böyük tədarükçüsüdür.
Səfər çərçivəsində qabaqcıl sənaye, rəqəmsal texnologiyalar, alternativ enerji mənbələri və kritik xammal sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə ediləcək. Həmçinin kritik xammal sektorunda üçüncü ölkələrdə birgə fəaliyyətə dair niyyət bəyannaməsinin imzalanması gözlənilir.