BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ Prezidenti Donald Trampın ölkənin nüvə obyektlərinə mümkün zərbələrlə bağlı bəyanatından sonra Vaşinqtona sərt cavab verib və istənilən hücumun qarşısını almağa hazır olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlamasında ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə qarşı davamlı təhdidlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüquqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərarlarına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bəyan edib.
Bəqai bildirib ki, ABŞ-nin bu siyasəti İranın elmi və texnoloji inkişafına qarşı uzunmüddətli düşmənçilik münasibətini nümayiş etdirir.
Onun sözlərinə görə, İranın bütün nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə beynəlxalq öhdəliklər çərçivəsində tam şəkildə bəyan edilib.
İran rəsmisi əlavə edib ki, Vaşinqtonun Koləng dağı kimi tanınan və ABŞ tərəfindən "Pickaxe Mountain" adlandırılan əraziyə xüsusi diqqət yetirməsi əsassızdır. O iddia edib ki, həmin ərazidə heç bir nüvə fəaliyyəti həyata keçirilmir və bu məsələ yalnız mümkün hücumlara bəraət qazandırmaq məqsədi daşıyır.
Bəqayi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunun məsələyə münasibət bildirməməsini tənqid edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İran xalqı ölkənin suverenliyinə və milli təhlükəsizliyinə qarşı yönələcək hər hansı düşmənçilik addımına qarşı birlik nümayiş etdirəcək və bütün imkanları ilə cavab verməyə hazırdır.







