Son dəqiqə

Avropa İttifaqı Moldova Maya Sandu İqtisadiyyat Vasile Tofan Avropaya inteqrasiya Siyasi islahatlar

Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Moldova parlamenti çərşənbə axşamı Vasile Tofanın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Yeni baş nazir ölkə iqtisadiyyatını canlandırmaq və Moldovanın Avropa İttifaqına inteqrasiya yolunu davam etdirmək vədini verib.

TurkicWorld xəbər verir ki, Vasile Tofan hökumət proqramını parlamentə təqdim etdikdən sonra deputatların səsverməsi nəticəsində yeni kabinet təsdiqlənib.

45 yaşlı maliyyəçi olan Tofan çıxışında hökumət proqramının “Avropa iqtisadiyyatı, effektiv dövlət” adlandığını bildirib. O qeyd edib ki, kabinetin əsas məqsədi iqtisadi inkişafı sürətləndirmək və ölkədə dövlət idarəçiliyinin səmərəliliyini artırmaqdır.

Moldova Avropanın ən kasıb ölkələrindən biri hesab olunur və qonşu Ukraynada davam edən müharibə səbəbindən əlavə qeyri-müəyyənliklə üzləşir. Ölkə iqtisadiyyatı ötən il 2,4 faiz artıb, bu il üçün isə təxminən 2 faiz artım proqnozlaşdırılır.

Baş nazir bildirib ki, hökumətin əsas hədəflərindən biri 2028-ci ilin sonunadək Moldovanın Avropa İttifaqına üzvlüyü üzrə razılaşmanın imzalanmasına nail olmaq və 2030-cu ilə qədər ölkəni ittifaqa qoşulmağa hazırlamaqdır.

Vasile Tofanın namizədliyi Prezident Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyasının dəstəyi ilə təsdiqlənib. 101 yerlik parlamentdə hökumətin lehinə 53 deputat səs verib, müxalifət partiyaları isə səsvermədə iştirak etməyib.

Yeni hökumət bu il Avropa İttifaqı ilə bütün danışıqlar istiqamətlərinin açılmasını əsas prioritetlərdən biri kimi müəyyən edib.

Mövzuya görə xəbərlər