BAKI,TurkicWorld
Bakıda Azərbaycan və Çexiya arasında iqtisadi və biznes əlaqələrinin inkişaf etdirilməsi, iki ölkənin şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan-Çexiya biznes forumu keçirilir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, orumda Çexiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri təmsil olunur. Təqdim olunan şirkət profillərinə əsasən, Çexiya tərəfi nəqliyyat, dəmir yolu infrastrukturu, aviasiya, logistika, müdafiə sənayesi, mühəndislik, sənaye texnologiyaları və maliyyə xidmətləri kimi sahələrdə əməkdaşlıq imkanları təklif edir.
Çexiya şirkətləri arasında ağıllı nəqliyyat sistemlərinin hazırlanması ilə məşğul olan "CAMEA Technology", dəmir yolu nəqliyyatı üçün avadanlıq və komponentlər tədarük edən "BONATRANS GROUP", aviasiya sahəsində kadr hazırlığı üzrə ixtisaslaşan "Czech Aviation Training Centre", eləcə də beynəlxalq logistika xidmətləri göstərən "EGT Express CZ" yer alır.
Tədbirdə, həmçinin Çexiya İxrac Bankı (Czech Export Bank) və İxrac Zəmanəti və Sığorta Korporasiyası (EGAP) kimi maliyyə qurumlarının təmsil olunması iki ölkə arasında ixracın maliyyələşdirilməsi, sığorta və biznes layihələrinin dəstəklənməsi imkanlarını aktuallaşdırır.
Çexiya tərəfinin təqdim etdiyi digər şirkətlər arasında dəmir yolu yükdaşımaları sahəsində fəaliyyət göstərən "ČD Cargo", hava limanı xidmətləri göstərən "Ostrava Airport" və "Karlovy Vary Airport", müdafiə və müşahidə texnologiyaları üzrə ixtisaslaşan ERA, eləcə də sənaye mühəndisliyi sahəsində çalışan Škoda Group və Wikov Group var.
Bundan başqa, forumda iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri ağıllı mobillik, nəqliyyatın rəqəmsallaşdırılması, sənaye avadanlıqları, metal emalı texnologiyaları və infrastruktur layihələri üzrə əməkdaşlıq üçün potensial yaradır.
Biznes forumu Azərbaycan və Çexiya şirkətləri arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və qarşılıqlı investisiya imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Xəbər yenilənəcək







