BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın son raket və pilotsuz uçuş aparatı hücumlarından sonra Körfəz ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib, əhaliyə ardıcıl xəbərdarlıqlar edib və diplomatik çağırışlarını davam etdirirlər.
TurkicWorld xəbər verir ki, bölgədə vəziyyət sürətlə dəyişsə də, Körfəz ölkələri hadisələrə qarşı çoxşaxəli yanaşma tətbiq edir. Rəsmilər ilk növbədə vətəndaşları və ölkələrdə yaşayan əcnəbiləri təhlükəsizlik tədbirlərinin gücləndirildiyinə əmin etməyə çalışırlar. Bildirilir ki, hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətində saxlanılır və indiyədək buraxılan raketlərin böyük hissəsi zərərsizləşdirilib.
Körfəz ölkələrinin hökumətləri əhaliyə yalnız rəsmi dövlət qurumlarının yaydığı məlumatlara etibar etməyi tövsiyə edirlər. Rəsmilər sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatların çaşqınlıq yarada biləcəyini bildirirlər.
Bununla yanaşı, bir sıra Körfəz ölkələri İranın raket və pilotsuz uçuş aparatı hücumlarını qəti şəkildə pisləyərək bu addımların regional təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıblar.
Rəsmilər eyni zamanda gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik həll yollarının vacibliyini ön plana çəkirlər. Lakin bölgədə davam edən qarşıdurma vasitəçilik səylərini xeyli çətinləşdirir.
Müşahidəçilərin fikrincə, hazırkı mərhələdə nə qarşıdurmanın tərəfləri, nə də ABŞ və İran geri addım atmağa hazır görünür. Bu isə Yaxın Şərqdə gərginliyin yaxın müddətdə davam edə biləcəyi ehtimalını artırır.







