BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusunun Qəzza zolağında polis məntəqəsinə endirdiyi zərbə nəticəsində yeddi nəfərin öldüyü bildirilib. Hücumun polis infrastrukturuna qarşı həyata keçirildiyi qeyd olunub.
TurkicWorld xəbər verir ki, İsrail pilotsuz uçuş aparatının Qəzza zolağında polis məntəqəsinə dörd raket atdığı bildirilib.
Məlumata görə, hücum nəticəsində polis məntəqəsinin rəhbəri, onun müavini və daha beş əməkdaş olmaqla ümumilikdə yeddi polis əməkdaşı həlak olub.
Bildirilib ki, həmin polis əməkdaşları köçkün düşərgəsində yerləşən və bazar kimi istifadə olunan ərazidə asayişin və ictimai nizamın qorunmasına cavabdeh olublar.
Fələstin tərəfi bu hücumu Qəzzada hüquq-mühafizə infrastrukturuna qarşı məqsədli əməliyyatların davamı kimi qiymətləndirib.
Məlumata əsasən, bundan əvvəl də İsrail ordusunun Qəzza zolağında polis binalarına və digər inzibati obyektlərə zərbələr endirdiyi bildirilib.
Fələstin rəsmiləri hesab edir ki, bu cür hücumlar bölgədə idarəetmə boşluğunu artırır və onsuz da ağır vəziyyətdə olan Qəzza zolağında xaosu dərinləşdirir.
İsrail tərəfi isə hərbi əməliyyatlarını təhlükəsizlik məqsədləri ilə əsaslandırır.







