BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Əymən Səfədi arasında telefon danışığı olub. Tərəflər ABŞ ilə İran arasında yaranmış gərgin vəziyyəti müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, telefon danışığı zamanı tərəflər diplomatiyanın və gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar. Qətər ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunun icrasına çağırış edib.
Nazirlər həmçinin Hörmüz boğazında gəmiçiliyin sərbəst və təhlükəsiz şəkildə davam etdirilməsinin beynəlxalq ticarət və regional sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Telefon danışığında bölgədə təhlükəsizliyin qorunması, diplomatik səylərin gücləndirilməsi və münaqişənin siyasi yollarla həllinin vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.







