BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 1-dən etibarən Oman dənizində itkin düşən hərbçinin axtarış-xilasetmə əməliyyatlarının nəticəsiz başa çatdığını açıqlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin iştirakı ilə həyata keçirilən genişmiqyaslı axtarış əməliyyatları dayandırılıb.
Bildirilib ki, koordinasiyalı axtarış-xilasetmə işləri 102 saatdan artıq davam edib və 14 min kvadrat mildən çox ərazini əhatə etsə də, itkin hərbçinin tapılması mümkün olmayıb.
Hadisə iyulun 1-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS George H.W. Bush aviadaşıyıcısına bağlı MH-60S "Sea Hawk" tipli hərbi helikopterin Oman dənizinə məcburi eniş etməsindən sonra baş verib.
Helikopterdə olan dörd nəfərlik ekipajın üç üzvü xilas edilib, bir hərbçi isə itkin düşüb. Bundan sonra genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb.
ABŞ Hərbi Dəniz Qüvvələri hadisənin hər hansı hücum nəticəsində baş verdiyini təsdiqləyən sübutun olmadığını bildirib. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.







