BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Hərbi Dəniz Qüvvələri Tomahawk qanadlı raketlərinin istehsalının əhəmiyyətli dərəcədə artırılması üçün “Raytheon” şirkətinə 22,9 milyard dollar dəyərində, yeddiillik müqavilə verib.
TurkicWorld xəbər verir ki, müqavilə çərçivəsində Tomahawk raketlərinin illik istehsalının hazırkı 60 ədəddən 1 000-dən çoxa çatdırılması nəzərdə tutulur.
Müqavilə ABŞ-ın İranla müharibə zamanı uzaqmənzilli və yüksək dəqiqlikli silah ehtiyatlarının azalması ilə bağlı narahatlıqların artdığı bir vaxtda imzalanıb.
ABŞ rəsmiləri son aylarda silah-sursat istehsalının sürətlə artırılmasının vacibliyini vurğulayıblar. ABŞ Hərbi Dəniz Qüvvələrinin fəaliyyətdə olan katibi Hanq Kao bildirib ki, hökumət silah istehsalının sürətlə artırılması üçün sənayeyə müraciət edib və “RTX” bu çağırışa cavab verib.
Tomahawk raketləri gəmilərdən və sualtı qayıqlardan buraxıla bilən, uzaq məsafədəki hədəflərə qarşı istifadə olunan qanadlı raketlərdir.
Yeni müqavilə ABŞ hərbi ehtiyatlarının bərpasına yönəlmiş daha geniş silah istehsalı proqramının bir hissəsidir. Vaşinqton son dövrdə digər mühüm raket sistemlərinin istehsalını da artırmaq üçün böyük həcmli müqavilələr bağlayıb.
ABŞ-ın Tomahawk istehsalını ildə 1 000-dən çox raketə çatdırmaq qərarı hazırkı istehsal səviyyəsi ilə müqayisədə çox böyük artım deməkdir.







