BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının beynəlxalq sularında yerləşdirilmiş bütün dəniz minalarını təmizlədiyini və ya partladaraq məhv etdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. ABŞ Prezidentinin sözlərinə görə, Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının beynəlxalq sularında artıq mina qalmadığı barədə ona məlumat verib.
“Hərbi Dəniz Qüvvələrimiz mənə Hörmüz boğazının beynəlxalq sularındakı bütün minaların təmizləndiyini və ya partladıldığını bildirib”, – Tramp yazıb.
ABŞ Prezidenti, həmçinin İrana yeni dəniz minalarının yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib.
Onun sözlərinə görə, bundan sonra Hörmüz boğazında yeni mina yerləşdirən istənilən gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək.
“Minaların yerləşdirilməsinə qarşı sıfır dözümlülük siyasəti tam şəkildə qüvvədədir”, – Tramp qeyd edib.
ABŞ Prezidenti yeni minaların yerləşdirilməsinə qarşı hansı hərbi tədbirlərin görüləcəyi barədə əlavə təfərrüat açıqlamayıb.
Trampın açıqlaması Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və sərbəst hərəkətin bərpası ilə bağlı regional diplomatik təmasların davam etdiyi bir vaxtda səsləndirilib.







