BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza hökuməti 2025-ci il oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin minlərlə dəfə razılaşmanı pozduğunu iddia edib. Məlumata görə, bu müddətdə yüzlərlə fələstinli həlak olub və onlarla nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin məlumatına əsasən, 2025-ci il oktyabrın 10-dan 2026-cı il iyunun 29-dək İsrail atəşkəs rejimini azı 3 465 dəfə pozub. İddialara görə, pozuntular hava hücumları, artilleriya atəşləri və birbaşa silahlı hücumlar şəklində baş verib.
Məlumatda bildirilir ki, həmin dövrdə yüzlərlə fələstinli həlak olub, minlərlə insan yaralanıb. Qəzza hökuməti, həmçinin 113 fələstinlinin İsrail qüvvələri tərəfindən saxlanıldığını iddia edir.
İsrail tərəfi isə bu statistikaya münasibət bildirməyib. Məlumat müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.







