BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ilə İran arasında aparılan diplomatik danışıqlar beynəlxalq gündəmin diqqət mərkəzində olsa da, İordan çayının qərb sahili və Şərqi Qüdsdə gərginlik davam edir.
TurkicWorld xəbər verir ki, son saatlarda İsrail ordusu və yəhudi məskunlaşma məntəqələrinin sakinləri tərəfindən fələstinlilərə qarşı bir sıra əməliyyatlar və hücumlar həyata keçirilib.
Məlumata görə, İsrail hərbçiləri Beytuniya ilə Ramallahın qərbindəki kəndləri birləşdirən yolda bir fələstinli sürücünü saxlayaraq ona fiziki zorakılıq tətbiq ediblər. Yayılan görüntülərdə hərbçilərin sürücünü avtomobildən çıxararaq döydüyü əks olunub.
Bundan başqa, İsrail ordusu Qüdsün şimalında yerləşən və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin idarə etdiyi Qələndiyə Peşə Təhsili Mərkəzinə daxil olub. Əməliyyat zamanı düşərgənin girişləri və İordan çayının qərb sahilinin mərkəzi hissəsini şimal və cənub bölgələri ilə birləşdirən əsas yol bağlanıb.
Nablusun cənubundakı Əsirə əl-Qibliyyə kəndində yerləşən qanunsuz Yitzhar məskunlaşma məntəqəsinin sakinləri kənd şurasının əməkdaşlarına hücum ediblər. Bildirilir ki, hücum yaxınlıqda baş vermiş yanğının söndürülməsindən sonra baş verib.
İsrail qüvvələri Beytləhm şəhərinin qərbində yerləşən Battir qəsəbəsində orta məktəbə məxsus 60 illik idman meydançasını dağıdıb, meydançanın örtüyünü sökərək ətraf mühafizə divarını uçurublar.
Bundan əlavə, Nablus şəhərində yerləşən "Ət-Tədamun" Xeyriyyə Cəmiyyətinin binasında axtarış aparılıb, əmlaka ziyan vurulub və qurumun fəaliyyətinin bir il müddətinə dayandırılması barədə göstəriş verilib.
İsrail ordusu, həmçinin Nablusun şərqində yerləşən Balata və Əsgər qaçqın düşərgələrində reydlər və axtarışlar həyata keçirib.







