BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Tərəflər Livandakı son vəziyyət və bölgədəki təhlükəsizlik məsələlərini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, Jozef Aun İsrailin Livan ərazilərinə hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, buna yalnız hərtərəfli atəşkəsin əldə olunması yolu ilə nail olmaq mümkündür.
Livan tərəfi hesab edir ki, hərtərəfli atəşkəs gələn həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan ABŞ-Livan danışıqlarının irəliləməsi üçün əsas şərtlərdən biridir.
Məlumata görə, Marko Rubio ABŞ-nin Livana dəstəyini bir daha təsdiqləyib. O, Vaşinqtonun ölkədə təhlükəsizlik və sabitliyin təmin olunmasına sadiq qaldığını bildirib.
Rubio həmçinin dövlət hakimiyyətinin ölkənin bütün ərazilərində bərqərar edilməsinin və Livanın qanuni dövlət institutlarının dəstəklənməsinin vacibliyini vurğulayıb.







