Son dəqiqə

Kim kimdir?

Haluk Levent kimdir?

BAKI, TurkicWorld

Türkiyənin tanınmış Anadolu rok ifaçılarından biri olan Haluk Levent son günlər təkcə musiqi fəaliyyəti ilə deyil, haqqında aparılan hüquqi araşdırmalarla da gündəmdədir. Xüsusilə Ahbap Dərnəyinin yardım vəsaitlərinin xərclənməsi ilə bağlı başladılan istintaq ictimai müzakirələrə səbəb olub.

1968-ci il noyabrın 26-da Adananın Yüreğir rayonunda anadan olan Haluk Levent müxtəlif ali təhsil müəssisələrində təhsil alsa da, universitet təhsilini başa vurmadan musiqi fəaliyyətinə yönəlib. 1993-cü ildə işıq üzü görən ilk albomu "Yollarda" ilə geniş auditoriya qazanan sənətçi sonrakı illərdə "Bir Gece Vakti", "Arkadaş", "Mektup", "Yine Ayrılık", "Kral Çıplak", "Bir Erkeğin Günlüğü", "Aç Pencereni", "Annemin Türküleri", "Dostane" və digər albomlarını təqdim edib.

Levent uzun illər ərzində minlərlə konsert verib, xeyriyyə tədbirlərində iştirak edib və 2017-ci ildə təsis etdiyi Ahbap Dərnəyi vasitəsilə təhsil, səhiyyə, təbii fəlakətlərdən zərərçəkənlərə yardım və digər sosial layihələr həyata keçirib. 2023-cü ildə Kahramanmaraş zəlzələlərindən sonra təşkil etdiyi yardım kampaniyaları ilə geniş diqqət çəkib.

Bununla yanaşı, sənətçinin adı müxtəlif dövrlərdə hüquqi proseslərdə də hallanıb. O, 1997-ci ildə qarşılıqsız çek işi üzrə həbs olunaraq bir müddət cəzaçəkmə müəssisəsində qalıb. Sonrakı illərdə maliyyə xarakterli mübahisələr və digər istintaq araşdırmaları ilə bağlı da hüquqi proseslərdə iştirak edib. Bəzi işlər üzrə isə sonradan bəraət alıb.

2026-cı ildə Haluk Levent yenidən məhkəmə qərarı ilə gündəmə gəlib. İstanbul Anadolu 24-cü İcra Cəza Məhkəməsi qarşılıqsız çeklərin verilməsi ilə bağlı iki ayrı iş üzrə onun barəsində ümumilikdə təxminən 70 milyon türk lirəsi məbləğində inzibati pul cəriməsi tətbiq edib və çek tərtib etməsi, həmçinin çek hesabı açması ilə bağlı qadağa qərarı çıxarıb.

Bundan qısa müddət sonra, 12 iyul 2026-cı ildə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Haluk Levent saxlanılıb. İstintaq çərçivəsində ona Dərnəklər Qanununu pozma, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və cinayət təşkilatına üzvlük maddələri üzrə araşdırma başladılıb.

İstintaqın diqqət mərkəzində Ahbap Dərnəyinin topladığı ianələrin və xeyriyyə vəsaitlərinin xərclənməsi ilə bağlı iddialar da yer alır. Hazırda aidiyyəti qurumlar bu vəsaitlərin idarə olunması və istifadəsi ilə bağlı sənədləri araşdırır.

Haluk Levent isə ittihamları qəbul etmədiyini bildirib. O, ifadəsində Ahbap Dərnəyinin 2023, 2024 və 2025-ci illərə aid fəaliyyət hesabatlarının Daxili İşlər Nazirliyinin müfəttişləri tərəfindən yoxlanıldığını və həmin auditlər zamanı hər hansı qanun pozuntusunun müəyyən iddia edib. Sənətçinin sözlərinə görə, bu hesabatlar rəsmi şəkildə mövcuddur və ictimaiyyət üçün açıqdır.

Hazırda istintaq davam edir və məhkəmə tərəfindən yekun hüquqi qiymət verilməyib.

Mövzuya görə xəbərlər