Bakı, TurkicWorld
Neşet Ertaş 1938-ci ildə Kırşəhərin Kırtıllar kəndində doğulmuş və Türkiyə xalq musiqisinə böyük töhfələr vermiş bir sənətkardır.
Ailəsi Yörük Türkmən kökənli olub köçəri bir həyat sürürdü. Buna görə də uşaqlıq illərində ailəsi ilə birlikdə Anadolu şəhərlərini gəzmişdi. Atası Muharrem Ertaş tanınmış xalq aşığı və saz ustası idi. Neşet Ertaş da musiqiyə olan marağını atasından götürdü və kiçik yaşlarında saz çalmağı öyrəndi.
Neşet Ertaş, ailəsi ilə toy məclislərində və kənd şənliklərində ifa edərək dolanışığını təmin edirdi.
İlk peşəkar təcrübəsini 1950-ci illərin əvvəllərində Ankarada yaşadı. Burada çıxardığı plaqlar şöhrətini bütün Türkiyədə yaymağa başladı.
Bu dövrdə “Qərib” ləqəbi ilə bəstələdiyi türküsü xalq arasında böyük maraq qazandı. Onun əsərlərində Anadolunun qədim mədəniyyətini, bozqır insanının yaşadığı həsrət və ayrılığı duymaq olur.
1960-cı illərdə İstanbulda məskunlaşan Neşet Ertaş, o dövrdə xalq musiqisi sahəsində ən populyar adlardan birinə çevrildi.
Ancaq 1970-ci illərdə barmaqlarında yaşadığı sağlamlıq problemi səbəbindən musiqiyə ara vermək məcburiyyətində qaldı və Almaniyaya köç etdi. Almaniyada fabrik işçisi kimi işləyərək dolanışığını təmin etdi, həmçinin orada yaşayan türk icması üçün konsertlər verdi və türk xalq musiqisinin Avropadakı nümayəndəsi oldu. Bu çətin dövrlərində belə sazını və musiqisini heç vaxt buraxmadı.
2000-ci illərin əvvəllərində Türkiyəyə dönən Ertaş, uzun bir fasilədən sonra yenidən səhnəyə çıxdı və böyük maraqla qarşılandı.
2009-cu ildə UNESCO tərəfindən "Yaşayan İnsan Xəzinəsi" adına layiq görüldü.
Sənəti, yaşadığı dövrün və ictimai şərtlərin bir əksi kimi Anadolu insanının hisslərini səmimi bir dillə ifadə etdi. "Nerdesin Sen", "Gönül Dağı", "Zahidem" və "Yalan Dünya" kimi dərin duyğuları özündə daşıyan əsərləri var.
25 sentyabr 2012-ci ildə İzmir şəhərində vəfat edən Neşet Ertaş, “Bozqırın Tezenesi” olaraq xatırlanır, xalq tərəfindən dərin bir sevgi və hörmətlə anılır.