BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Senatında respublikaçılar Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları Konqresin razılığı olmadan davam etdirmək səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnamənin qəbuluna mane olublar.
TurkicWorld xəbər verir ki, Senatda keçirilən səsvermədə qətnamənin növbəti mərhələyə çıxarılması 50 səsə qarşı 49 səslə rədd edilib.
Qətnamə qəbul ediləcəyi təqdirdə Prezident Donald Trampdan Konqresin rəsmi icazəsi olmadan ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dayandırması tələb olunacaqdı.
Səsvermə zamanı respublikaçı senatorlar Syuzan Kollinz, Liza Murkovski və Rend Pol demokratlarla birlikdə qətnaməni dəstəkləyiblər.
Demokrat senator Con Fetterman isə əksinə, respublikaçıların əksəriyyəti ilə eyni mövqedən çıxış edərək qətnamənin qarşısının alınmasına səs verib.
Qərar ABŞ administrasiyasının İranla bağlı hərbi siyasəti ətrafında Konqresdə fikir ayrılıqlarının davam etdiyini bir daha nümayiş etdirib.







