BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər regiondakı son vəziyyəti, xüsusilə Qırmızı dəniz və Yəmən sahillərində yerləşən Bab əl-Məndəb boğazındakı təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Müzakirələr husilərin iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra baş tutub. Həmin addım Hörmüz boğazının bağlanmasından sonra Qırmızı dəniz marşrutuna yönləndirilən neft daşımalarına mənfi təsir göstərib.
Məlumata görə, husilərin Bab əl-Məndəb boğazından keçən gəmilərdən rüsum almağı nəzərdən keçirdikləri barədə məlumatlar da tərəflərin diqqət mərkəzində olub.
Telefon danışığı zamanı hər iki nazir İordaniyanın Fələstin və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətin müzakirəsi üçün ərəb və islam ölkələrinin toplantısının keçirilməsi təşəbbüsünü də alqışlayıb.
Tərəflər regional təhlükəsizlik, dəniz nəqliyyatının qorunması və Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.







