BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran xarici işlər naziri Abbas Əraqçi Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə telefon danışığı apararaq ABŞ-ın Bezmer hərbi hava bazasından istifadə etməsinə razılıq verilməsi ilə bağlı yayılan məlumatları tənqid edib.
TurkicWorld xəbər verir ki, İran hökumətinin yaydığı məlumata əsasən, Abbas Əraqçi Sofiyanı bu qərara yenidən baxmağa çağırıb. İran tərəfi hesab edir ki, belə addımlar regiondakı gərginliyin daha da artmasına səbəb ola bilər.
Məlumata görə, Bolqarıstanın xarici işlər naziri ölkəsinin münaqişədə iştirak etməyəcəyini və diplomatik həll yollarını, eləcə də gərginliyin azaldılmasını dəstəklədiyini bildirib.
Bu təmas İranın Yaxın Şərqdə ABŞ hərbi obyektlərinə qarşı hücumlar fonunda digər ölkələri Vaşinqtonun hərbi əməliyyatlarına dəstək verməməyə çağırdığı bir vaxta təsadüf edir.
Tehran son günlər müxtəlif dövlətlərə ABŞ-ın hərbi əməliyyatlarının həyata keçirilməsi üçün öz ərazilərindən və ya hərbi infrastrukturundan istifadəyə imkan verməmələri ilə bağlı xəbərdarlıqlar edir.







