BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər İrlandiyanın işğal altındakı Fələstin ərazilərində yerləşən İsrail yaşayış məntəqələrindən idxal olunan malların ölkəyə gətirilməsini qadağan edən qanunu qəbul etməsini müsbət qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu addımı İsrailin yaşayış məntəqələri siyasətinin genişlənməsinin qarşısını almaq istiqamətində atılmış mühüm addım kimi qiymətləndirib.
Nazirlik bildirib ki, digər dövlətlərin də oxşar qərarlar qəbul edəcəyinə ümid edir. Bəyanatda beynəlxalq ictimaiyyət İsraili işğal altındakı Fələstin ərazilərində yaşayış məntəqələri siyasətini dayandırmağa məcbur etmək üçün hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə çağırılıb.
Məlumata görə, İrlandiya parlamenti qanun layihəsini iyulun 7-də qəbul edib və sənəd daha sonra rəsmən qüvvəyə minib.
Bununla belə, qanun tənqidlərdən də yan keçməyib. Tənqidçilər bildirirlər ki, sənəd yalnız yaşayış məntəqələrində istehsal olunan malların idxalını qadağan edir, lakin həmin ərazilərdən göstərilən xidmətlərə şamil olunmur.
Qətər uzun müddətdir Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan iki dövlətli həll modelini dəstəklədiyini və işğal altındakı ərazilərdə yaşayış məntəqələrinin genişləndirilməsinə qarşı olduğunu bəyan edir.







