BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına endirilən zərbə nəticəsində ABŞ-a məxsus F-35 döyüş təyyarələrinin məhv edildiyi barədə iddialarını təkzib edib.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə yaydığı açıqlamada son İran hücumları zamanı ABŞ-a məxsus heç bir hərbi təyyarənin məhv edilmədiyini və ya zədələnmədiyini bildirib.
CENTCOM-un məlumatına görə, İranın buraxdığı bütün raket və pilotsuz uçuş aparatları ya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, ya da hədəflərinə çatmadan sıradan çıxıb.
Bununla yanaşı, ABŞ ordusu İran limanlarına qarşı yenidən tətbiq edilən blokadanın yarıldığı barədə yayılan iddiaları da rədd edib.
Açıqlamada bildirilib ki, "M/T Nora" adlı kommersiya neft tankerinin blokadanı yararaq İran limanına daxil olması barədə məlumat həqiqəti əks etdirmir.
CENTCOM qeyd edib ki, 20-dən çox ABŞ hərbi gəmisi, yüzlərlə hərbi təyyarə və minlərlə hərbçi bölgədə fəaliyyətini davam etdirir və tətbiq olunan blokadanın tam icrasını təmin edir.







