BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin sabiq baş naziri Ehud Olmert ABŞ və İran arasında əldə olunan razılaşmanın İsrail daxilində “xəyanət” kimi qəbul oluna biləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Olmert bu fikirləri İrlandiyanın ictimai yayım orqanı RTE-yə verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, razılaşma Baş nazir Benyamin Netanyahunun əvvəlki siyasi mövqeyi baxımından belə bir qiymətləndirməyə səbəb ola bilər.
Olmert qeyd edib ki, Netanyahu bu mövzuda açıq şəkildə “xəyanət” ifadəsini işlətməz, çünki o, ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərdən və dəstəkdən asılıdır.
Sabiq baş nazir həmçinin İsrail və Livan arasında razılaşma üçün imkanların mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, İsrail Livanın cənubunda hər hansı əraziyə ehtiyac duymur və bölgədən tam çıxış mümkün ola bilər.
Olmert əlavə edib ki, belə bir addım sülh razılaşmasına və yeni territorial anlaşmaya yol aça bilər.
Bununla belə, İsrailin yüksək rütbəli rəsmiləri ordunun Livanın cənubunda nəzarət etdiyi ərazilərdə qalacağını bildiriblər.







