BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail və Livan arasında aprelin 16-da ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, ölkədə hər gün hücumlar davam edir. Bu şəraitdə Fransa Livandakı diplomatik proseslərdə fəal iştirakını qorumağa çalışır.
TurkicWorld xəbər verir ki, son aylarda Livanda 3 mindən çox insan həyatını itirib, bir milyondan artıq insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Beyrutun cənub məhəllələrinə mümkün hücumların qarşısını almaq üçün müdaxilə etdiyi vaxt Fransa Prezidenti Emmanuel Makron onunla telefon danışığı aparıb.
Müşahidəçilərin fikrincə, bu addım Parisin Livanla bağlı diplomatik təşəbbüslərdə rol oynamaqda maraqlı olduğunu göstərir. Eyni zamanda, Fransa Livanda ABŞ-ın təsir imkanlarının həddindən artıq artmasından ehtiyat edir və uzun illərdir siyasi, tarixi və strateji maraqlara malik olduğu bu ölkədə mövqelərini yenidən gücləndirməyə çalışır.
Ekspertlər bildirirlər ki, Fransanın Livandakı təsiri son illərdə zəifləyib. Xüsusilə də Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Parisin narahatlığını artırır. Buna görə də Fransa Livandakı nüfuzunu qorumaq üçün yeni yollar axtarır.







