BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı davam edən diplomatik proses üzrə yaxın günlərdə mühüm qərar qəbul edə bilər. Bu məqsədlə Ağ Evin Situasiya Otağında yüksək səviyyəli müşavirənin keçiriləcəyi açıqlanıb.
TurkicWorld xəbər verir ki, Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada İran məsələsi ilə bağlı komandasının üzvləri ilə görüş keçirəcəyini və prosesin gələcək istiqaməti üzrə son qərarın veriləcəyini bildirib.
ABŞ Prezidenti qeyd edib ki, yaxın zamanda keçiriləcək müşavirədə Vaşinqtonun İranla bağlı növbəti addımları müzakirə olunacaq.
Məlumata görə, Ağ Evdə keçiriləcək görüş İranla aparılan danışıqlar nəticəsində formalaşan çərçivə razılaşmasının təsdiqlənməsi və ya rədd olunması ilə bağlı qərarın qəbul edilməsinə həsr oluna bilər.
Hazırda tərəflər arasında müvəqqəti atəşkəs mexanizmi və onun 60 gün müddətinə uzadılması imkanları müzakirə edilir. Danışıqların əsas gündəliyində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi və sanksiyalar rejimi kimi məsələlər yer alır.
Ağ Ev rəsmiləri isə yekun qərarın hələ qəbul edilmədiyini və müzakirələrin davam etdiyini bildirirlər.
Müşahidəçilərin fikrincə, qarşıdakı qərar ABŞ–İran münasibətlərinin gələcək istiqamətini müəyyən edə və regionda təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər.







