Son dəqiqə

Misir Ərəb Dövlətləri Liqası Nabil Fəhmi

Nabil Fəhmi iyuldan Ərəb Liqasının baş katibi vəzifəsini icra edəcək

BAKI,VOA Orxan Qədirzadə

Nabil Fəhmi iyulun 1-dən etibarən Ərəb Dövlətləri Liqasının baş katibi vəzifəsinin icrasına başlayacaq.

Məlumata görə, o, səlahiyyət müddəti 30 iyunda başa çatan hazırkı baş katib Əhməd Əbul Qeyti əvəz edəcək.

Mart ayında onlayn formatda keçirilən Ərəb xarici işlər nazirlərinin Şurasının 165-ci sessiyasında üzv ölkələr yekdilliklə qərar qəbul edərək Nabil Fəhminin namizədliyinin beşillik müddət üçün təsdiqlənməsini tövsiyə ediblər.

Qərarın yaxın vaxtlarda 35-ci Ərəb Sammiti çərçivəsində rəsmiləşdirilməsi gözlənilir.

Fəhmi artıq hazırlıqlara başlayıb

Ərəb diplomatik mənbələrinin məlumatına görə, Nabil Fəhmi artıq yeni vəzifəsinin icrasına hazırlıq prosesinə başlayıb.

Bildirilir ki, o, yaxın günlərdə Ərəb Liqasının Qahirədə yerləşən mənzil-qərargahını ziyarət edib və qurumun əməkdaşları ilə görüşlər keçirib.

Mənbələrə əsasən, Fəhmi təşkilatın fəaliyyət mexanizmləri ilə yaxından tanış olub, həmçinin bir sıra daimi nümayəndələrlə görüşərək birgə ərəb əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə edib.

O, görüşlərdə Ərəb Liqasının gələcək fəaliyyəti ilə bağlı baxışlarını və regional əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə təkliflərini təqdim edib.

Fələstin məsələsi əsas gündəmlərdən biridir

Bu ayın əvvəlində Nabil Fəhmi Qahirədə Mühənnəd əl-Akluk – Fələstinin Ərəb Liqasındakı daimi nümayəndəsi ilə görüş keçirib.

Fələstin nümayəndəliyinin yaydığı məlumata görə, görüş zamanı Ərəb Liqasının Fələstin məsələsinin müdafiəsində rolunun gücləndirilməsi, həmçinin təşkilat tərəfindən qəbul edilmiş qərarların icrası müzakirə olunub.

Tərəflər ərəb milli təhlükəsizliyi, birgə ərəb fəaliyyət mexanizmlərinin inkişafı və Ərəb Liqasının regional və beynəlxalq təsir imkanlarının artırılması məsələlərinə də toxunublar.

Təsdiq sammit olmadan da mümkündür

Diplomatik mənbələr bildirirlər ki, regional gərginlik və təşkilati çətinliklər səbəbindən Ərəb Sammitinin vaxtında keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır.

Bununla belə, mənbələrin sözlərinə görə, Nabil Fəhminin baş katib təyin olunması sammitin keçirilib-keçirilməməsindən asılı olmayaraq təsdiqlənə bilər.

Qeyd olunur ki, ərəb liderlərinin virtual formatda toplantısı vasitəsilə də qərarın rəsmiləşdirilməsi mümkündür.

Mənbələr xatırladıblar ki, hazırkı baş katib Əhməd Əbul Qeyt də 2016-cı ildə Ərəb xarici işlər nazirlərinin fövqəladə iclasının qərarı əsasında vəzifəyə gətirilmişdi və sonradan ayrıca sammit təsdiqinə ehtiyac duyulmamışdı.

Nabil Fəhmi kimdir?

Nabil Fəhmi 2013–2014-cü illərdə Misirin xarici işlər naziri vəzifəsində çalışıb.

O, 1999–2008-ci illərdə Misirin Amerika Birləşmiş Ştatlarındakı səfiri, 1997–1999-cu illərdə isə Yaponiyadakı səfiri olub.

Onun atası İsmayıl Fəhmi də 1973–1977-ci illərdə mərhum prezident Ənvər Sadat dövründə Misirin xarici işlər naziri vəzifəsini icra edib.

Mövzuya görə xəbərlər