Son dəqiqə

Misir kibertəhlükəsizlik Süni intellekt Rəqəmsal infrastruktur rəqəmsal iqtisadiyyat Məlumat mərkəzləri

Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Misir süni intellekt, məlumat mərkəzləri və rəqəmsal infrastruktur sahələrinə investisiyaların cəlb edilməsini sürətləndirir. Ölkə bununla regional texnologiya mərkəzi kimi mövqeyini gücləndirməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, sentyabrın 22-dən 24-dək keçiriləcək VIII FDC Sammitində yeni texnologiyaların Misir üçün investisiya, sənaye və iqtisadi imkanlara çevrilməsi əsas müzakirə mövzularından olacaq. Tədbirdə məlumat mərkəzlərinin genişləndirilməsi, süni intelleqin tətbiqi, yeni nəsil telekommunikasiya şəbəkələri, bulud texnologiyaları və kibertəhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılacaq.

Sammit Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Sənaye Nazirliyi, eləcə də Nazirlər Kabinetinin İnformasiya və Qərarların Dəstəklənməsi Mərkəzinin himayəsi altında keçiriləcək. Tədbir yüksək vəzifəli dövlət nümayəndələrini, texnologiya sektorunun rəhbərlərini, mütəxəssisləri və iri beynəlxalq, regional və yerli şirkətləri bir araya gətirəcək.

FDC Sammitinin təşkilat komitəsinin sədri Tarik Şəbəkə bildirib ki, əsas məqsəd artıq yalnız yeni texnologiyaların tətbiqi deyil, texnoloji dəyişikliklərin iqtisadi imkanlara çevrilməsidir. Onun sözlərinə görə, texnoloji yeniliklərin əsl dəyəri onların iqtisadi artım, investisiya və müxtəlif sahələrdə səmərəliliyin yüksəldilməsi üçün yaratdığı imkanlarla ölçülür.

Məlumat mərkəzləri əsas investisiya istiqamətinə çevrilir

Sammitdə məlumat mərkəzlərinin inkişafına xüsusi diqqət ayrılacaq. Süni intelleq, bulud texnologiyaları və rəqəmsal xidmətlərin sürətlə genişlənməsi bu infrastruktura tələbatı artırır.

Müzakirələrdə Misirin coğrafi mövqeyi, telekommunikasiya infrastrukturu, insan resursları, eləcə də ərəb və Afrika bazarlarına çıxış imkanlarından istifadə etməklə məlumat mərkəzlərinə daha çox sərmayə cəlb etməsinin yolları nəzərdən keçiriləcək.

“Grand View Research” şirkətinin hesablamalarına görə, qlobal məlumat mərkəzləri bazarının dəyəri 2025-ci ildə 383,8 milyard dollar təşkil edib. Bu göstəricinin 2026-cı ildə 425,3 milyard dollara, 2033-cü ildə isə 902,2 milyard dollara çatacağı proqnozlaşdırılır.

Süni intelleq də sammitin əsas istiqamətlərindən biri olacaq. Onun biznes modellərinə, qərarların qəbuluna, məhsuldarlığa və xidmətlərin keyfiyyətinə təsiri, həmçinin səhiyyə, bank və maliyyə, sənaye, energetika və dövlət xidmətlərində tətbiqi müzakirə ediləcək.

Kibertəhlükəsizlik diqqət mərkəzində olacaq

Tədbirdə kibertəhlükələrin idarə edilməsi, mühüm infrastrukturun və məlumatların qorunması, fəaliyyətin fasiləsizliyinin təmin edilməsi və təşkilatların yeni təhlükələrə hazırlığı da nəzərdən keçiriləcək.

Proqram çərçivəsində insan kapitalının inkişafı, idarəetmə və məlumatlardan məsuliyyətli istifadə məsələlərinə də yer ayrılacaq. FDC Stars texnoloji sahibkarlıq və innovativ layihələrə, FDC Women’s Forum qadınların texnologiya və rəqəmsal iqtisadiyyatda iştirakının genişləndirilməsinə, FDC Digital Lab isə tədqiqat, inkişaf, bacarıqlar və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına yönələcək.

Sammitin əsas məqsədi dövlət siyasəti, beynəlxalq texnoloji təcrübə, yerli sənaye və investisiya imkanlarını bir platformada birləşdirərək Misirdə rəqəmsal dəyişiklikləri yeni sərmayələrə, tərəfdaşlıqlara və iqtisadi artıma çevirməkdir.

Mövzuya görə xəbərlər