BAKI,TurkicWorld,Yusif Şərifzadə
Misirin tanınmış televiziya aparıcısı Əmr Ədib dünya bazarında neftin bir barelinin qiymətinin 104 dolları keçməsinin ölkədə yanacaq qiymətlərinə ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. O, hökumətin əvvəlki hesablamalarını neftin bir barelinin 75 dollar olması əsasında apardığını xatırladıb.
TurkicWorld xəbər verir ki, Əmr Ədib MBC Masr kanalında yayımlanan “Əl-Hekayə” proqramında neftin qiymətindəki kəskin artımın Misir iqtisadiyyatı üçün yeni risklər yaratdığını bildirib.
“Neftin bir bareli 104 dolları keçib, ABŞ-də dizelin qiyməti isə bir qallona görə 6 dollara yüksəlib. Bu, diqqət yetirməli olduğumuz mühüm məsələdir. Dünya həqiqətən tarixi dönüş nöqtəsindədir. Mən sizi qorxutmağa çalışmıram”, – Ədib deyib.
Aparıcı dünya bazarındakı hazırkı qiymətlə Misir hökumətinin hesablamalarında nəzərdə tutulan 75 dollarlıq səviyyə arasındakı böyük fərqə diqqət çəkib.
“Neft qiymətləri ilə bağlı problem var. Nə baş verəcək və nə etməliyik? Hökumət hesablamalarını bir barel üçün 75 dollar əsasında aparmışdı. İndi nə edəcəyik?” – o bildirib.
Ədibin fikrincə, neft qiymətlərinin uzun müddət yüksək səviyyədə qalması Misirin daxili yanacaq bazarına və qiymət siyasətinə təsir göstərə bilər.
O, enerji bazarındakı vəziyyəti Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı gərginliklə də əlaqələndirib. Ədib bildirib ki, husilərin Bab əl-Məndəb boğazındakı fəaliyyəti Süveyş kanalından keçən gəmi axınına təsir göstərir və bu da Misir iqtisadiyyatı üçün əlavə risk yaradır.
Ədib regional gərginliyin davam etdiyi şəraitdə neft qiymətlərinin yaxın gələcəkdə hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaranmış vəziyyətin nəticələri yalnız Misirlə məhdudlaşmır və enerji bazarlarının dünya ticarəti və dəniz nəqliyyatı yolları ilə sıx bağlı olması səbəbindən bir çox ölkəyə təsir göstərə bilər.







