BAKI,TurkicWorld,Yusif Şərifzadə
Misirin xarici işlər naziri Bədr Əbdülati bazar ertəsi Sinqapurun xarici işlər və daxili işlər üzrə dövlət naziri Zülkərneyn Əbdül Rəhimlə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
TurkicWorld xəbər verir ki, Bədr Əbdülati Misir-Sinqapur münasibətlərində müşahidə olunan müsbət inkişafı yüksək qiymətləndirib. O, xüsusilə Sinqapur Prezidenti Tarman Şanmuqaratnamın 2025-ci ilin sentyabrında Misirə səfərindən sonra əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Misirin xarici işlər naziri iki ölkənin gələn il diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünü qeyd etməyə hazırlaşdığını xatırladaraq, prezident səfəri zamanı əldə edilmiş razılaşmaların və imzalanmış anlaşma memorandumlarının icrasının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Əbdülati Sinqapur şirkətlərini Misirdə, xüsusilə prioritet sənaye sahələrində investisiyalarını genişləndirməyə çağırıb. O, Süveyş Kanalı İqtisadi Zonasında xarici sərmayədarlar üçün yaradılan imkan və güzəştlərdən faydalanmağın mümkün olduğunu qeyd edib.
Görüşdə Misirlə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) arasında institusional əlaqələrin gücləndirilməsi də müzakirə olunub. Əbdülati Misirin 2016-cı ildə ASEAN-la Dostluq və Əməkdaşlıq Müqaviləsini imzalayan ilk ərəb və Afrika ölkələrindən biri olduğunu xatırladıb və Qahirənin təşkilatla münasibətləri sahəvi dialoq tərəfdaşlığı səviyyəsinə yüksəltmək istədiyini bildirib.
Tərəflər Fələstin məsələsi və Qəzza zolağındakı vəziyyətə də toxunublar. Əbdülati ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinə keçilməsinin, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasının və humanitar yardımların bölgəyə tam və fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb.
Misirli nazir həmçinin Qəzzanın erkən bərpası və yenidən qurulması istiqamətində səylərin dəstəklənməsinə, Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin səlahiyyətlərinin gücləndirilməsinə çağırıb. Onun sözlərinə görə, bu addım Fələstin Administrasiyasının Qəzza və işğal altındakı İordan çayının qərb sahilində tam məsuliyyətini bərpa etməsinə şərait yaratmalıdır.
Zülkərneyn Əbdül Rəhim isə Sinqapurun Qəzzada atəşkəsin möhkəmləndirilməsi, Şarm əl-Şeyx razılaşması çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi və humanitar yardımların bölgəyə çatdırılması istiqamətində Misirin səylərini yüksək qiymətləndirdiyini bildirib.







