BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail-Livan sərhədində hərbi gərginlik davam etdiyi bir vaxtda Hizbullah yeni hücumlarla bağlı açıqlama yayıb. Qruplaşma son saatlar ərzində həm İsrailin şimalı, həm də Livanın cənubunda bir sıra hərbi hədəflərə zərbələr endirdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, Hizbullahın yaydığı məlumata görə, İsrailin şimalında yerləşən Biranit kazarmalarında yerləşdirilmiş hava hücumundan müdafiə sistemi pilotsuz aparat hücumu ilə hədəfə alınıb.
Qruplaşma həmçinin Şomera yaşayış məntəqəsi istiqamətinə pilotsuz uçuş aparatları göndərildiyini açıqlayıb.
Məlumata əsasən, Livanın Bint Cbeyl bölgəsində İsrail ordusuna məxsus mühəndislik texnikasının da hədəfə alındığı bildirilib.
Hazırda İsrail tərəfi bu iddialarla bağlı rəsmi təsdiq və ya əlavə açıqlama verməyib. Müstəqil mənbələr tərəfindən də məlumatların tam şəkildə təsdiqləndiyi barədə açıqlama yoxdur.
Analitiklər hesab edirlər ki, qarşılıqlı hərbi bəyanatlar və sərhəd boyunca davam edən əməliyyatlar İsrail-Livan xəttində gərginliyin daha da yüksəlməsi riskini artırır.






