Son dəqiqə

Fələstin Qəzza zolağı Qəzza ilə əlaqəli paylaşımlar Qəzzada müharibə cinayətləri İsrail hücumları Fələstin arxivləri

İsrailin məhv etməyə çalışdığı Fələstin arxivləri gizli əməliyyatla xilas edilib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Qəzzada İsrail ordusunun davam edən hücumları fonunda Fələstin xalqının tarixi yaddaşını əks etdirən milyonlarla sənəd gizli əməliyyat nəticəsində bölgədən çıxarılaraq təhlükəsiz ərazilərə daşınıb.

TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin əməkdaşları 10 ay davam edən məxfi əməliyyat çərçivəsində 1948-ci il “Nəkbə” dövründən bu günə qədər qorunan tarixi arxivləri xilas etməyə nail olublar.

Əməliyyat zamanı Fələstinlilərin torpaq mülkiyyəti hüquqlarını, ailə şəcərələrini, məcburi köç tarixçələrini və sürgün hekayələrini əks etdirən həyati əhəmiyyətli sənədlər bölgədən çıxarılıb. Məlumatda bildirilir ki, sözügedən sənədlər Fələstin xalqının tarixi varlığını və torpaq üzərində hüquqi iddialarını sübut edən əsas mənbələr hesab olunur.

Ekspertlər bildirib ki, arxivlərdə insanların 1948-ci ildə hansı şəraitdə öz yurdlarını tərk etməyə məcbur olduqları, haradan gəldikləri, hansı mülklərə sahib olduqları və hansı yaşayış məntəqələrinin dağıdıldığı barədə mühüm şahid ifadələri yer alır.

Həmçinin bildirilib ki, 1948-1949-cu illər ərzində Fələstinin müxtəlif bölgələrindən təxminən 200 min nəfər Qəzza zolağına sığınıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin yüksəkvəzifəli nümayəndəsi Roger Hearn isə bildirib ki, həm orijinal sənədlərin, həm də yaradılmış rəqəmsal surətlərin məhv ediləcəyi ilə bağlı ciddi narahatlıq mövcud idi.

O qeyd edib ki, arxivlərin itirilməsi Fələstin məsələsi üçün geri dönüşü olmayan nəticələr yarada bilərdi.

Məlumatda vurğulanır ki, İsrailin bölgədə məscidlərə, kilsələrə, tarixi tikililərə, kitabxanalara, muzeylərə, qəbiristanlıqlara və arxivlərə qarşı həyata keçirdiyi hücumlar Fələstin xalqının mədəni irsinin sistemli şəkildə məhv edilməsinə yönəlib.

Xilas edilən sənədlərin əvvəlcə Misirdə toplandığı, daha sonra humanitar yardım uçuşlarından geri qayıdan İordaniya hərbi təyyarələri vasitəsilə paytaxt Əmmana daşındığı bildirilib.

Hazırda Əmmanda xüsusi mərkəzdə 50-dən çox əməkdaş tərəfindən təxminən 30 milyon sənəd əl ilə skan edilərək rəqəmsallaşdırılır. Mütəxəssislər bu prosesin təxminən iki il davam edəcəyini ehtimal edir.

Roger Hearn bildirib ki, gələcəkdə bölgədə ədalətli və davamlı həll əldə olunacağı təqdirdə, həmin sənədlər Fələstinlilərin müəyyən ərazilərdə yaşadığını sübut edən əsas hüquqi dəlillərdən biri olacaq.

Beləliklə, 1948-ci ildən bəri davam edən Fələstin xalqının tarixi yaddaşı və hüquqi irsi İsrailin dağıdıcı hücumları fonunda gizli əməliyyat vasitəsilə qorunub saxlanılıb.

Mövzuya görə xəbərlər