BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail-Livan sərhədində hərbi gərginlik davam edir. Livanın cənubunda hava və artilleriya hücumları ilə bağlı məlumatlar yayılarkən, Hizbullah da İsrail hərbi mövqelərinə qarşı əməliyyatlar keçirdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, Livan Milli Xəbər Agentliyinin məlumatına əsasən, İsrail Livanın cənubunda yerləşən Qanduriya qəsəbəsinə hava hücumu həyata keçirib. Hücumun Bint Cbeil bölgəsində qeydə alındığı bildirilir. Məlumata görə, Yohmor əl-Şaqif qəsəbəsi də artilleriya atəşinə məruz qalıb.
Eyni zamanda Hizbullah yaydığı açıqlamada İsrail ordusuna məxsus bir sıra hərbi hədəflərə qarşı hücumlar həyata keçirdiyini iddia edib. Qruplaşmanın məlumatına görə, Biranit kazarmaları yaxınlığında yerləşən “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi hədəfə alınıb və nəticədə itkilərin olduğu bildirilib.
Bundan əlavə, Hizbullah İsrailin şimalında yerləşən Deyr Hanna bölgəsində hərbi mövqelərə raket zərbələri endirdiyini, həmçinin həmin ərazidə yerləşən komanda mərkəzini hədəf aldığını açıqlayıb.
Hazırda hadisələrlə bağlı İsrail tərəfindən əlavə və təsdiqlənmiş məlumat açıqlanmayıb. Mövcud iddiaların bir hissəsi müstəqil mənbələr tərəfindən hələlik təsdiq olunmayıb.







