BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp Konqresə təqdim etdiyi 2027-ci il büdcə layihəsində hərbi xərclərin rekord həddə – 1.5 trilyon dollara çatdırılmasını tələb edib.
TurkicWorld xəbər verir ki, bu rəqəm ötən illə müqayisədə hərbi büdcənin təxminən 40 faiz artırılması deməkdir. Büdcə müraciəti Ağ Evin "Güc vasitəsilə sülh" strategiyasına sadiqliyini və daxili proqramların hesabına hərbi modernləşməyə üstünlük verdiyini nümayiş etdirir.
Layihəyə əsasən, hərbi xərclərin artırılması üçün iqlim dəyişikliyi, bərpa olunan enerji, mənzil təminatı və səhiyyə kimi daxili proqramlardan 73 milyard dollar kəsilməsi nəzərdə tutulur. Tramp həmçinin "Medicaid" və "Medicare" kimi mühüm səhiyyə proqramlarının maliyyə yükünü federal hökumətdən ştatların üzərinə keçirməyi planlaşdırır. "Biz müharibələr aparırıq, uşaq bağçaları və səhiyyə ilə federal səviyyədə məşğul ola bilmərik", - deyə Prezident qapalı görüşlərin birində bildirib.
Vəsaitlərin əsas hissəsi Trampın vəd etdiyi "Qızıl Qübbə" (Golden Dome) raketdən müdafiə sisteminin qurulmasına, gəmiqayırma sənayesinin gücləndirilməsinə və hərbçilərin maaşlarının artırılmasına yönəldiləcək. Qeyd edək ki, bu 1.5 trilyonluq sorğu 28 fevralda başlayan ABŞ-İsrail və İran müharibəsi üçün tələb olunan 200 milyard dollarlıq fövqəladə vəsaitdən ayrıdır. Bu nəhəng xərclər fonunda ABŞ-ın milli borcunun 39 trilyon dollara çatması iqtisadçılar arasında ciddi narahatlıq doğurur.







