BAKI, TurkicWorld, Orxan Qədirzadə
Fransa prezidenti Emmanuel Makron Yaponiyaya rəsmi səfərini yekunlaşdıraraq Cənubi Koreyaya yola düşüb. Səfər ABŞ-İran müharibəsinin yaratdığı qlobal qeyri-müəyyənlik və ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı kəskin ittihamları fonunda baş tutur.
TurkicWorld xəbər verir ki, Yaponiyada çıxış edən Makron Avropanın xarici siyasətdəki "proqnozlaşdırıla bilənliyini" ön plana çəkərək, müttəfiqlərini məlumatlandırmadan qərar qəbul edənləri tənqid edib. Bu açıqlama Donald Trampın Fransanı müharibə zamanı "faydasız" adlandırmasından və Makronun şəxsi həyatına dair istehzalı şərhlərindən sonraya təsadüf edir. Tramp, xüsusilə Avropa ölkələrini və Cənubi Koreyanı Hürmüz boğazının təhlükəsizliyi məsələsində kifayət qədər dəstək verməməkdə günahlandırır.
Cənubi Koreya prezidenti Li Ce Myun "Le Figaro" qəzetində dərc olunan məqaləsində Fransa ilə süni intellekt, nüvə enerjisi və kosmik texnologiyalar sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb. O qeyd edib ki, fraqmentləşmiş beynəlxalq mühitdə demokratik millətlər arasında tərəfdaşlıq artıq seçim deyil, strateji zərurətdir.
Qeyd edək ki, Hörmüz boğazındakı gərginlik Cənubi Koreya iqtisadiyyatına ciddi təsir göstərib. Seul administrasiyası artan enerji qiymətləri ilə mübarizə aparmaq üçün 1997-ci ildən bəri ilk dəfə yanacaq qiymətlərinə yuxarı hədd (limit) tətbiq edib.
Makronun Seulda keçirəcəyi iki günlük görüşlər proqramına prezident Li Ce Myun ilə sammit, iqtisadi forum və Koreya müharibəsində həlak olan fransız əsgərlərinin xatirəsini yad etmək üçün memorial ziyarəti daxildir. Həmçinin, Fransa liderinin K-pop ulduzları və tanınmış Cənubi Koreya kinematoqrafçıları ilə şam yeməyində bir araya gələcəyi gözlənilir.







