BAKI, TurkicWorld, Orxan Qədirzadə
İraqın paytaxtı Bağdad şəhərində amerikalı jurnalist Şelli Kittlson naməlum şəxslər tərəfindən qaçırılıb.
TurkicWorld xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Yerli medianın verdiyi xəbərə görə, hadisə jurnalistin şəhər mərkəzində qaldığı otelin yaxınlığında baş verib.
İraq Daxili İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin artıq saxlanıldığını bildirib. Nazirlik xarici qonaqlara qarşı hər hansı hücuma və ya ölkənin təhlükəsizliyini sarsıtmağa yönəlmiş cəhdlərə icazə verilməyəcəyini vurğulayıb.
İraq Media Təhlükəsizliyi Şəbəkəsinin rəhbəri Saad Maan "Anadolu" agentliyinə verdiyi açıqlamada rəhbərlik etdiyi strukturun hadisə ilə bağlı dərhal araşdırmalara başladığını qeyd edib. Jurnalistin tapılması və digər cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.







