Son dəqiqə

ABŞ İraq Vaşinqton Bağdad İraq Müdafiə Nazirliyi İraq Hərbi Hava Qüvvələri Kətaib Hizbullah

Bağdadda diplomatik mərkəz və hərbi aviabaza "Grad" raketləri ilə hədəfə alınıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İraqın paytaxtı Bağdadda diplomatik və logistik mərkəzlərin yerləşdiyi hava limanı kompleksinə 122 mm-lik "Grad" raketləri ilə hücum təşkil edilib.

TurkicWorld xəbər verir ki, İraq Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, hücum nəticəsində İraq Hərbi Hava Qüvvələrinə məxsus "Antonov-132" tipli təyyarə məhv edilib.

Hərbi mənbələr bildirir ki, raketlərdən bəziləri diplomatik dəstək mərkəzinin ərazisinə düşərək yanğına səbəb olub. Hadisə zamanı insan tələfatı qeydə alınmasa da, maddi ziyanın böyük olduğu vurğulanır. Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə hərbi əməliyyatların başlamasından bəri sözügedən kompleks mütəmadi olaraq hücumlara məruz qalır. Bu səbəbdən cari ayın əvvəlində ABŞ-ın diplomatik mərkəzi heyətinin böyük hissəsini təxliyə edib.

Maraqlıdır ki, bu insident Vaşinqton və Bağdadın İraq ərazisindən ABŞ obyektlərinə qarşı hücumların qarşısının alınması üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəlməsindən cəmi bir həftə sonraya təsadüf edir. Regiondakı iranpərəst qruplaşmalar, xüsusən də "Kətaib Hizbullah" bir müddət əvvəl hücumları dayandıracağını elan etsə də, son hadisələr bölgədəki gərginliyin hələ də kritik həddə olduğunu göstərir.

Mövzuya görə xəbərlər